İqlim dəyişikliyi ilə bağlı COP29 qlobal tədbiri ərəfəsində erməni lobbiçilərinin və digər maraqlı tərəflərin maliyyə dəstəyi ilə Azərbaycan əleyhinə qarayaxma kampaniyası güclənib. Hər gün ölkəmizə qarşı ortalama 5-6 yazı dərc olunur ki, bu yazılarda Azərbaycan az qala, dünyada baş verə biləcək bütün bəlalarda ittiham olunur.
SİA məsələ ilə bağlı partiya sədrləri arasında sorğu keçirib:
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "Qərb ilk olaraq öz daxilindəki problemləri həll etsin, bundan sonra Azərbaycana fikir bildirər. Qərb dövlətləri heç zaman və bu gün də Azərbaycanın inkişafını istəməyiblər. Həmçinin hələ də Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəlməsi və ərazilərimizin işğaldan azad edilməsini qəbul edə bilmirlər. Buna görə də onların bizə qarşı hücumları əsassızdır. İçimizdə olan antiazərbaycan qüvvələri isə ciddi şəkildə Qərb dairələri ilə əməkdaşlıq edirlər. Lakin bütün cəhdlərin qarşısı alınır və alınacaq. Düşünürəm ki, xarici siyasətimizdə daha ciddi mövqe göstərməliyik, görülən işlər gücləndirilməlidir. Qərb bilməlidir ki, Azərbaycandakı milli qüvvələr ölkəmizə təzyiq göstərilməsinə imkan verməyəcək. Buna görə də narahatlığa gərək yoxdur.
Ermənistan isə hər zaman ikili siyasət həyata keçirir. Onların ağaları sülh sazişinin imzalanmasına imkan vermir, yoxsa indiyə kimi bu proses bu qədər uzanmazdı. İstənilən halda biz torpaqlarımızı işğaldan azad etmişik, quruculuq işləri davam etdirilir. Həmçinin Ermənistan da COP29-a dəvət olunub, iştirak edib-etməmək isə öz seçimidir".
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa: "Qərbin bütün təzyiqləri siyasi xarakterlidir və Azərbaycanın COP29-a ev sahibliyinə əngəl törətmək məqsədi daşıyır. Lakin bütün bunlar faydasızdır, çünki bizim getdiyimiz yol ümumi maraqlara uyğundur. Azərbaycanın mənafeyi, ərazi bütövlüyü çərçivəsində prinsiplərimiz təmin edilməlidir. Bu isə Qərbi qane etmir, çünki illərdir dəstək verdiyi erməni məsələsi iflasa uğrayıb. Bunun əvəzini çıxmaq üçün Qərb Azərbaycana qarşı hər bir fürsətdən istifadə edir. Buna görə də proseslərə hazır olmalıyıq, COP29 beynəlxalq tədbirdir və buna mane olmağa çalışmaq mənasızdır. Çünki Azərbaycan məqsədinə nail olacaq və tədbirə yüksək səviyyədə ev sahibliyini həyata keçirəcək".
Vəhdət Partiyasının sədri Tahir Kərimli: "Azərbaycan Respublikası dünyanın bütün dövlətlərinin tərəfindən yekdilliklə şəkildə səs verdiyi COP29-a ev sahibliyi edəcək. Bu bir il öncə verilmiş qərardır və Azərbaycan uzun müddətdir ki, beynəlxalq tədbirə ev sahibliyini yüksək səviyyə həyata keçirə bilmək üçün hazırlıq işləri görür. Dünyanın bütün bunları gözünün götürməməsinin ən böyük səbəblərindən biri də məhz erməni lobbisidir. ABŞ senatorlarının, istərsə də Avropa Parlamentinin qərarlarında birmənalı şəkildə separatçı ermənilərin buraxılması məsələsi əsas yer tutur. Bu məsələnin yanında isə insan hüquqları məsələsini qaldırırlar.
Azərbaycana qarşı kəskin qərəzli mövqe nümayiş etdirilir. Elə bir dövlət yoxdur ki, orada az və ya çox dərəcədə insan hüquqları pozulmasın. Amma məhz Azərbaycana qarşı bu cür düşmən mövqe göstərilməsinin kökündə konkret olaraq Qərbin qərəzi dayanır. İnsan hüquqları ilə bağlı qaldırılan məsələ isə sadəcə bəhanədir. Təəssüf ki, ölkəmizin daxilində də bu qərəzli mövqeni alqışlayan və dəstəkləyən qruplar mövcuddur. Onlar dövlətçilik və hakimiyyət məsələlərini qarışdırır, dövlətçiliyimizə zərər vururlar".
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: "COP29 ərəfəsində Azərbaycana qarşı aparılan anti-kampaniyanın əsas qaynağı erməni diasporunun maliyəsidir. Erməni diasporu türkə olan nifrətini anti-kampaniyalar fonunda da ifadə edir və maliyyələşdirir. Onlar gələcəkdə də maliyyə toplamaq imkanlarını qorumaq üçün bölgəmizdə müharibə istəyirlər. Erməni xalqı yeni faciələrə səbəb olmaq niyyətindədir. COP29 isə böyük beynəlxalq tədbir olduğuna görə onlar üçün mühüm fürsətdir. Buna görə də anti-kampaniyaya ciddi maliyyə dəstəyi verirlər".