Xaçmazda oftalmoloji aksiya keçiriləcək

6 Noyabr 2024 01:16 (UTC+04:00)

Noyabrın 6-7-də Xaçmaz rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilən oftalmoloji aksiya keçiriləcək.

Tibbi aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ADY Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin Dəmiryol Səyyar Klinikası tərəfindən təşkil olunacaq.

SİA xəbər verir ki, Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, aksiya saat 09:00-da Xaçmaz rayonu Dəmiryol vağzalında keçiriləcək.

Bildirilib ki, respublikamızda oftalmoloji yardımın optimallaşdırılması istiqamətində müxtəlif genişmiqyaslı aksiyalar həyata keçirilir. Həmin tədbirlər çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmaz rayon sakinlərinə tibbi xidmət göstərəcək. İki gün davam edəcək aksiyanın məqsədi, Xaçmaz sakinlərini operativ şəkildə müayinə və müalicə edərək onların sağlamlığı ilə bağlı mövcud problemlərin həllinə kömək göstərməkdir. Eyni zamanda, çətin əməliyyatlara ehtiyacı olan və ciddi sağlamlıq problemləri ilə üzləşən pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri üçün lazım olan şəraitin yaradılmasıdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi passiyentlərin vaxt itirmədən, yaşadığı ərazidə müayinə, müalicə və əməliyyat olunmasıdır. Klinikanın təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqları bütün prosesləri yerinə yetirmək bacarığına sahibdirlər.

Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyard nəfəri görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Həmin rəqəm sayı hər il artmaqda davam edir və Mərkəzin keçirdiyi aksiyaların məqsədi, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq, bununla say faktorunun azalmasına kömək etməkdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti isə respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.