Riyaziyyatda ərəb rəqəmləri istifadə olunur, çünki …

5 Noyabr 2024 22:35 (UTC+04:00)

Mənşəyi və tarixi barədə bəlkə də çox az məlumatımız olan ərəb rəqəmləri.

0-dan 9-a qədər olan və bu gün dünyanın hər yerində istifadə edilən bu say sisteminin mənşəyi əslində Hindistan riyaziyyatına əsaslanır. 5-6-cı əsrlərdə Hindistanda inkişaf edən say sistemi sıfırın rəqəm kimi qəbul edilməsi ilə böyük bir inqilab yaratdı. O dövrə qədər bir çox sivilizasiya ədədi əməliyyatlar aparırdı. Ancaq sıfır istifadə olunmadığı və onluq sistem inkişaf etmədiyi üçün bu əməliyyatlar olduqca mürəkkəb qalırdı. Hind riyaziyyatçılar sıfırı bir ədədi ifadə kimi istifadə edərək riyazi əməliyyatları asanlaşdırdılar.

SİA-nın əldə etdiyi məlumata görə, bu sistem bu gün bildiyimiz ərəb rəqəmlərinin əsasını təşkil edir.

Ədədi sistemin “ərəb” adını alması başqa bir hadisədir. 8-ci əsrdə İslam coğrafiyası böyük mədəni və elmi dirçəliş dövrünə daxil oldu. Bağdadda qurulan “Beytül-Hikmə” kimi elm mərkəzlərində Hindistan riyaziyyatı və astronomiyası üzərində araşdırmalar aparılırdı. Bir sıra dahi ərəb riyaziyyatçıları Hindistandan götürülən bu say sistemini inkişaf etdirdi və yaydı. Əl-Xarəzmi və digərlərinin bu işləri cəbrin əsaslarını qoyduğu kimi, ərəb rəqəmlərinin geniş yayılmasında da əhəmiyyətli bir rol oynadı. Bu rəqəmlər Qərb tərəfindən ərəb alimləri vasitəsilə öyrənildiyi üçün Avropada “ərəb rəqəmləri” olaraq tanınmağa başladı.

11-ci əsrdə İspaniyadakı müsəlman Əndəlüs dövləti İslam coğrafiyası ilə Qərbi Avropa arasında bir körpü funksiyası yerinə yetirirdi. Ərəb dilində olan əsərlər latın dilinə tərcümə edilir və Avropa maariflənməsinin təməli atılırdı. 13-cü əsrin əvvəllərində Leonardo Fibonaççi (1170-1250) kimi avropalı riyaziyyatçılar ərəb rəqəmlərinin sadəliyi və istifadə rahatlığını dərk etdi, xüsusilə “Liber Abaci” adlı kitabında bu ədədi ifadələri Avropaya tanıtdı. O zamana qədər istifadə edilən Roma rəqəmləri böyük ədədlərlə işləməyi çətinləşdirən bir sistem idi. Ərəb rəqəmləri və onluq sistem isə daha istifadəyə yararlı oldu və Avropada sürətlə qəbul edildi.

Ərəb ədədi ifadələrinin ən böyük yeniliklərindən biri onluq sistem və sıfır anlayışıdır. Ədəd yeri tutmayan, amma dəyəri olan ilk simvol kimi sıfır riyazi əməliyyatları sürətləndirdi və daha mürəkkəb hesablamaların aparılmasını təmin etdi. Ərəb rəqəmləri sayəsində ədədlər pillə sistemi ilə daha nizamlı şəkildə ifadə olunan hala gəldi, riyaziyyatdan başqa, ticarət və mühəndislik sahələrində də təsiri göründü. Beləcə tacirlər hesablarını daha sürətlə edə bildi və mühəndislər mürəkkəb quruluşları dizayn edərkən daha dəqiq hesablama bacarığına sahib oldular.