Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) üzvləri universitetin 44 günlük Vətən müharibəsində şəhid olmuş tələbəsi Firdovsi Tahirovun ailəsini ziyarət ediblər.
SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, görüş zamanı valideynləri Firdovsi haqqında xatirələrini tələbələrlə bölüşüb, keçdiyi döyüş yolu barədə söz açıblar.
Tələbələr şəhidlərin xatirəsini daim yaşatmağın gənclərin qarşısında böyük missiya olduğunu bildiriblər.
1997-ci ildə Lerik rayonunun Dico kəndində anadan olmuş Firdovsi Balaxan oğlu Tahirov 2015-2019-cu illərdə ADPU-da tarix müəllimliyi ixtisası üzrə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
ADPU TKTB fəalları Pedaqoji Universitetin şəhid məzunu Tural Dəmirçiyevin ailəsi və yaxınları ilə də görüşüblər. Tələbələr Turalın yaxınlarından onunla bağlı xatirələri dinləyib, döyüş yolu ilə tanış olublar.
Şəhidin ailəsinə ehtiramlarını ifadə edən tələbələr Turalın timsalında dövlətimizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Tural Rəfail oğlu Dəmirçiyev 1999-cu ildə Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. 2010-2014-cü illərdə ADPU-da menecment ixtisası üzrə təhsil alıb. 2020-ci il oktyabrın 5-də Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.