Qəzza zolağında İsrail əsgərləri hədəfə alınıb

5 Noyabr 2024 19:16 (UTC+04:00)

“Həmas”ın silahlı birliyi İzzəddin əl-Qəssam dəstələri Qəzza zolağının şimalına etdikləri hücumda İsrail əsgərlərindən ölən və yaralananlar olduğunu bildirib.

SİA-nın məlumatına görə, yazılı açıqlamada Qəzza zolağının şimalında yerləşən Cəbaliyyə qaçqın düşərgəsində bir evdə gizlənən İsrail əsgərlərinə raketlə hücum təşkil edildiyi qeyd olunub. Düşərgənin mərkəzi hissəsində yerləşən Yəmən əs-Said xəstəxanası yaxınlığında baş verən hücumda israillilərin öldüyü və ya yaralandığı bildirilib. Eyni zamanda Qəzza şəhərində də İsrail əsgərlərinin hədəfə alındığı ifadə edilib. Mövzu ilə bağlı qarşı tərəfdən hələlik açıqlama verilməyib.

İsrailin 7 oktyabr 2023-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 43 min 341 fələstinli ölüb, 102 min 105 nəfər yaralanıb. Hələ də dağıntılar altında minlərlə ölünün olduğu bildirilərkən xalqın sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınaraq mülki infrastruktur da məhv edilir.