Keçmiş məhkumun məhkəməsi başlayıb

5 Noyabr 2024 12:49 (UTC+04:00)

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Zahid İsayevin məhkəməsi başlayıb. SİA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 19-na təyin olunub.

Xatırladaq ki, hadisə bu il iyulun 20-də saat 01 radələrində Bakının Nizami rayonunda qeydə alınıb. Belə ki, 1949-cu il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlu kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Zahid İsayev cinayət törətdiyinə görə əvvəl də həbs olunub və 2017-ci ildə əfv olunaraq azadlığa çıxıb.