Sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir. Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.
"Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirəm ki, hələ 2023-cü ilin sentyabrından öncə və 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra Prezident cənab İlham Əliyev bölgədəki erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası ilə bağlı konkret addımlar atdı. Onların ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi qalıb yaşamaları üçün gərəkli bütün tədbirlər görüldü. Bununla bağlı rəsmi qurumlar tərəfindən erməni sakinlərinin rahat müraciəti üçün müvafiq internet portalı belə yaradıldı və dinc əhalinin öz evlərində qalması üçün şərait formalaşdırıldı. Eyni zamanda Qarabag iqtisadi rayonunu öz arzusu ilə tərk etmək istəyən erməniəsilli şəxslərin sərbəst və maneəsiz şəkildə Ermənistana keçidinə təhlükəsiz şərait yaradıldı, onlar hətta nəqliyyat vasitələri və ərzaqla təmin edildilər.
Hərbi tədbirlər zamanı və erməni əhalisinin Qarabağı tərk etməsi prosesində mülki şəxslərə qarşı heç bir zorakılıq halı qeydə alınmayıb. Bu fakt BMT-nin üç missiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq monitorinq mərkəzləri tərəfindən birmənalı olaraq, rəsmən etiraf olunub.
Nəzərə alsaq ki, münaqişə bölgələrində belə itkisiz proseslərə, adətən, rast gəlinmir. Yaxud da ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan ərazisində və Azərbaycanın Qarabağ bölgəsində törədilmiş soyqırımları, etnik təmizləmə, minlərlə insanın zorakılıqla öz doğma yurd-yuvasından köçürülməsi, maddi-mənəvi tarixi abidələrin və təbiətin talan edilməsi faktlarını yada salaq", - o qeyd edib