İngiltərə universitetlərində təhsil haqları gələn ildən etibarən artacaq

5 Noyabr 2024 03:26 (UTC+04:00)

İngiltərədə universitet tələbələri gələn ildən daha yüksək təhsil haqları ödəməli olacaqlar. SİA xəbər verir ki, uzun illər dəyişməz qalan təhsil haqları 8 illik fasilədən sonra artaraq 9 min 535 funt-sterlinqə çatacaq.

Bununla yanaşı, tələbələrin gündəlik xərcləri üçün nəzərdə tutulmuş yaşayış kreditləri də 3,2 faiz artacaq ki, bu da tələbələrə illik 414 funt-sterlinq əlavə maliyyə dəstəyi təmin edəcək. Bu artım tələbələrin təhsil və yaşayış xərclərini qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.

Buna baxmayaraq, təhsil haqlarının artması ölkədə ciddi narahatlıq doğurur. Bu ilin əvvəlində BBC-nin apardığı araşdırmaya görə, İngiltərədə təxminən 1.8 milyon insanın ən az 50 min funt-sterlinq tələbə borcu olduğu məlum olub.

Qeyd edək ki, təhsil haqları artımı İngiltərədə təhsil alan tələbələrə təsir edəcək. Lakin bu dəyişiklik Şotlandiyada təhsil alan şotland tələbələrini əhatə etmir. Şotlandiya Milli Partiyasının hökuməti Şotlandiyada 2008-ci ildə pulsuz təhsil haqqını tətbiq edib. Bu siyasət çərçivəsində Şotlandiya universitetlərinə tələbələrin təhsil xərclərini qarşılayacaq maliyyə vəsaiti ayrılır. Beləliklə, Şotlandiya vətəndaşları üçün ali təhsil pulsuz təmin edilir.