“Dost”unu öldürəndən sonra yatmağa gedib...

4 Noyabr 2024 19:40 (UTC+04:00)

COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gözlənti var. Lakin məndə olan məlumata əsasən, bir müddət öncə Ermənistan tərəfi çərçivə razılaşmasını imzalamaqdan imtina edib. Əvəzində, Ermənistan hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsi ilə bağlıdır.

SİA xəbər verir ki, bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı şərhində əksini tapıb.

BMTM-in sədri bildirib ki, bu 3 məsələdən birincisi həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir. Belə ki, Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər.

İkinci məsələyə gəlincə, görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir.

“Üçüncü məsələ gələcəkdə hərbi missiyaya çevrilməsi mümkün olan, hazırda Ermənistanla sərhəddə yerləşdirilən Avropa İttifaqının mülki missiyası ilə bağlıdır.

Avropa İttifaqının 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını görməzdən gəlməsi və Azərbaycanın razılığı olmadan missiya göndərmək üçün belə tələsməsi faktlarını nəzərə aldıqda, aydın olur ki, ərazilərimizi talan etmiş və dağıtmış təcavüzkar dövlətin tərəfində duran bu quruma Azərbaycan etimad edə bilməz.

Həmçinin belə arqumentlər eşidirik ki, sülh müqaviləsi davamlı təhlükəsizliyə zəmanət verə bilməz. Bu arqumenti isə 1994-cü ilin Budapeşt Memorandumunu imzalayan tərəflərin yazılı öhdəliklərə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü qoruya bilməməsi ilə əsaslandırırlar.

Beləliklə, sülhün yeganə təminatı göz önündədir: Ermənistanın hərbi imkanları məhdudlaşdırılmalı, başqa sözlə, demilitarizasiya edilməlidir”, - deyə F.Şəfiyev vurğulayıb.

O əlavə edib ki, iqtisadi əməkdaşlıq Cənubi Qafqaza yeni təhlükəsizlik elementləri əlavə edə bilər. Lakin buna nail olmaq üçün hələ uzun yol qət etmək lazımdır. Təəssüf ki, beynəlxalq aktorlar tərəfindən regionda çoxlu bölücü xətlərin çəkildiyinin şahidi oluruq.