Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat elmlərin şahıdır” adlı tədbiri keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, BDU-dan bildirilib ki, tədbirdə rektor Elçin Babayev Azərbaycanda riyaziyyat elmi məktəbinin formalaşmasında universitetdə çalışmış alimlərin mühüm rolu olduğunu vurğulayıb.
“Bu gün bizim riyaziyyatçılar ölkəmizi xaricdə böyük uğurla təmsil edirlər. Hazırda əsas məqsədimiz fakültənin daimi inkişafını təmin etməkdir. Fakültə tələbələrinin son illərdə beynəlxalq olimpiadalarda qızıl medala, yüksək yerlərə layiq görülməsi də bu inkişafın nəticəsidir”, - deyə rektor qeyd edib.
Sonra “Mexanika-riyaziyyat fakültəsinin dünəni və bu günü” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən professor Ziyatxan Əliyev rəhbəri olduğu Mexanika-riyaziyyat fakültəsinin tarixinə nəzər salıb: “1921-ci ildən başlayaraq 1930-cu ilədək fakültənin tərkibində Dəqiq riyaziyyat və Tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərib. Fakültə 1958-ci ildən müstəqil fəaliyyət göstərib. Mexanika-riyaziyyat fakültəsinin ilk dekanı professor Əşrəf Hüseynov olub. Respublikada riyaziyyat və mexanika elminin, neft sənayesinin, kibernetika və informatika sahələrinin inkişafında, bu sahədə peşəkar kadrların hazırlanmasında fakültənin böyük rolu olub.
Hazırda fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edirlər. Müəllimlər, doktorantlar, magistrantlar ölkə və beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, seminar və ustad dərsləri təşkil olunur”.
Sonra çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri professor Əli Əhmədov Mexanika-riyaziyyat fakültəsinin ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasındakı rolundan söz açıblar.
Tədbir tələbələr arasında keçirilən riyazi yarış və bədii hissə ilə davam edib.