Nigeriyada terror təşkilatları Boko Haram və İŞİD-in Qərbi Afrika qolu “ISWAP”a qarşı keçirilən əməliyyatlarda 187 terrorçu və dəstə üzvü zərərsizləşdirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Edvard Buba (Edward Buba) təhlükəsizlik qüvvələrinin keçən həftə ölkənin müxtəlif bölgələrində terror təşkilatlarına qarşı əməliyyatlar keçirdiyini bildirib. O, Əməliyyatlarda 187 nəfərin zərərsizləşdirildiyini, 262 terrorçunun ələ keçirildiyini deyib. Əməliyyatlarda girov götürülən 147 nəfərin də xilas edildiyi ifadə edilib.
Ordunun Nigeriyaya sabitlik və təhlükəsizlik gətirmək səylərini qətiyyətlə davam etdirəcəyini vurğulayan Edvard Buba "Terrorçulara ya təslim olmaq, ya da əməliyyat sahəsində zərərsizləşdirilməkdən başqa bir seçim təqdim edilmir" deyə bildirib.
Nigeriyanın müxtəlif bölgələri uzun müddətdir ki, quldurçu dəstələr, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu “ISWAP”ın hücumlarına məruz qalır. Ölkədə ölüm cəzası olmasına baxmayaraq adam qaçırma hadisələrinə tez-tez rast gəlinir. Silahlı şəxslər adətən ölkənin şimalında kəndləri, məktəbləri və sərnişinləri hədəf alırlar.