107 nömrəli avtobusun sürücüsü niyə özbaşınalıq etmişdi? - QURUM RƏSMİSİ DANIŞDI

4 Noyabr 2024 16:50 (UTC+04:00)

Ötən gün sosial şəbəkələrdə 107 nömrəli avtobus barədə şikayət yayılmışdı. Belə ki, avtobusun sürücüsü içində məktəblilər də olan nəqliyyat vasitəsini telefonla danışaraq, təhlükəsizlik kəməri taxmadan və sükanı əldən buraxaraq idarə edir. Görüntülər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. SİA mövzu ilə bağlı BDYPİ-nin inspektoru, polis leytenantı Elvin Hacıyevin fikirlərini öyrənib.

Elvin Hacıyev bildirib ki, sözügedən 107 nömrəli avtobus sürücüsünün mobil telefondan istifadə edərək, təhlükəsizlik kəməri taxmadan və sükanı əldən buraxaraq nəqliyyat vasitəsini bu formada idarə etməsi kobud şəkildə qayda pozuntusudur: “O özü ilə yanaşı avtobusda əyləşən sərnişinlərin də həyat və sağlamlığını ciddi şəkildə təhlükə altına atır. Sürücü nəzərə almalıdır ki, o özündən başqa 70-80 nəfərə yaxın sərnişinin də həyat və sağlamlığımın öhdəliyini daşıyır. Yəni həmin sərnişinləri ünvana tam təhlükəsiz formada çatdırmalıdır. Amma sürücü bu formada avtobusu idarə etməklə hər hansı bir qəzanın baş verməsinə ciddi şəkildə səbəb yaradır. O həm öz həyatını, həm də digər nəqliyyat vasitələrinin həyatını təhlükəyə atır. Bu kobud bir qayda pozuntusudur. Biz belə hallarla bağlı dəfələrlə müraciətlərimizi sosial şəbəkə və media vasitəsilə avtobus və taksi sürücülərinə ünvanlayırıq. Lakin təəssüflər olsun ki, hələ də bəzi sürücülər qaydalara qeyri-ciddi və biganə yanaşır. Bu da xoşagəlməz və acı hadisələrə gətirib çıxarır”.

Ayşən Vəli