“Qlobal İqlim Sammitinin başlaması ərəfəsindəyik. Artıq 29 ildir ki, bu hərəkat dünya çapında davam edir. Ölkəmizin belə bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi, mühüm siyasi, ekoloji, iqtisadi, sosial, mənəvi və geosiyasi hadisədir. Çünki biz bu tədbir vasitəsilə dünyanı iqlim atəşkəsinə səsləyirik. Hazırda dünyada gedən müxtəlif müharibələr dayandırılmalıdır. Azərbaycan bu tədbirin qlobal mənada istiləşmənin aşağı düşməsi, alternativ enerjinin istehsalına imkanların yaradılması baxımından vacibliyini anlayır və ciddi gündəlik formalaşdırmışıq. Təəssüflər olsun ki, biz hər zamankı kimi müəyyən qrup dövlətlərin tədbirə “boykot” çağırışlarını görürük. Halbuki həmin dövlətlər “Yer üzü hamının evidir” ideaları ilə çıxış edir, qarşıya onlarla hədəf qoymuşdular”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc deyib.
O bildirib ki, əleyhimizə olan dövlətlər hazırda üzərimizə ittihamlar yağdırırlar: “Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması yönündə COP29 kontekstində müxtəlif intensiv danışıqlar oldu. Azərbaycan istəyir ki, bölgənin ümumi siyasi iqlimini yaxşılaşdırsın. Ölkə rəhbəri regionun mənafelərindən çıxış edərək “əlinizi bizdən çəkin” söyləyirdi.
Biz Ermənistanın COP29-da ən yüksək səviyyədə təmsilçiliyini normal qəbul edirik. Azərbaycanda bu istiqamətdə həqiqətən də problem yoxdur. Lakin ilkin olaraq müşahidələrimiz göstərir ki, iki gün öncə Kolumbiyada “COP biomüxtəliflik üzrə 17-ci sammitin” Ermənistan tərəfindən qazanılması, 68 səs onlara, 55 səs isə bizə verilməsi Azərbaycanla rəqabətdə olduqlarını sübut edir. Ancaq digər tərəfdən şübhəsiz ki, bizim başlıca məramımız Ermənistanın konstitusiyasında bizə qarşı olan məqamların olmamasıdır. Qeyd olunan 16 bənd qəbul olunarsa, sülh müqaviləsi də imzalanacaqdır. Ermənistan rəhbərliyinin də COP29-da iştirakı gözləniləndir və bizim tərəfdən buna heç bir maneə yoxdur. Lakin onlar bu platforma üzərindən özlərini sülhpərvər dövlət kimi göstərə bilməyəcəklər”.