“Müəllim, direktor və direktor müavinləri vəzifə bölgüləri normalara əsasən müəyyənləşdirilib. Bütövlükdə sözügedən istiqamətdə hüquqi baza prosesi tənzimləyir. Eyni zaman hüquqi baza beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və məktəbdaxili qaydalarda lazımi bütün məqamlar öz əksini tapıb”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
O bildirib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi məktəbin qarşısında duran başlıca vəzifələrdən biridir: “Son illərdə kifayət qədər yaxşı nümunələr ortaya qoyulub. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün çox vacib olan keyfiyyətli müəllim, eyni zamanda məzmun, dərslik kimi mühüm məsələlər paralel şəkildə inkişaf etdirilməlidir.
Müəllimlərin bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə tətbiq olunan sertifikasiya prosesi də məhz təhsilin keyfiyyətinin artırılmasına hədəflənib. Məktəb direktoru rəhbər şəxs olaraq məktəbdə baş verən bütün proseslərə cavabdehdir. Tədrisin keyfiyyətindən tutmuş texniki işlərə qədər hər bir proses məktəb direktorunun səlahiyyətindədir. Prosesi tənzimləyən normalar, qanunvericilik var və işlər də bu çərçivədə aparılmalıdır.
Təhsilin səviyyəsinin yüksəldilməsi pedaqoji heyətin peşəkarlığından asılıdır. Həmçinin təhsilin subyektlərindən biri olaraq valideynlər də burada mühüm rola sahibdir. Bu baxımdan da məktəb idarəetməsinə valideynlərin cəlb edilməsi vacibdir”.