“Zəfər bayramı Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, bütövlükdə Azərbaycan xalqının deyil, dünyada Azərbaycanı sevənlərin bayramıdır. Bizi bu bayrama aparan yol Ulu Öndərin müəyyən etdiyi Heydər Əliyev yoludur, ölkə başçısı cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasətinin məntiqi nəticəsidir. Qələbəmizin müəllifi Prezident İlham Əliyevdir. Eyni zamanda qələbə qazanmağımızda ordumuz və xalqımızın vəhdəti mühüm rol oynayıb. Həmçinin zəfər yolunda canını itirən şəhidlərimizə Allah rəhmət, qazilərimizə isə sağlıq diləyərik və hər zaman onlara minnətdarıq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı deyib.
O bildirib ki, zəfərə gedən yolda bizə mane olmaq istəyənlər olub: “Müxtəlif formalarda Ermənistanın Azərbaycana təcavüzü və işğal altında olan torpaqlarımızın Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə cəhdlər olub. Xaricdəki müəyyən dairələr Azərbaycanı daxildən parçalamağa, Azərbaycanda daim gərginlik yaratmağa cəhdlər ediblər. Lakin bütün bunların qarşısı Azərbaycanın lideri, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə alınıb. Ölkəmizə qarşı hibrid müdaxilələrdən, kiberhücumlardan və yalan məlumatlar yaymaqla uğurlarımızı gözdən salmağa çalışıblar. Azərbaycanın inkişafını ləngitmək üçün müxtəlif addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin tarixi neft müqavilələrini imzalaması sözügedən cəhdlərin qarşısını alıb. Bu gün Azərbaycan özünün təbii sərvətləri neft və qazını müxtəlif istiqamətlərdə ixrac edir. Biz bu gün, qələbəmizdən sonra Ermənistanı müdafiə edən, erməni lobbisinin təsiri ilə siyasi arenada qalmağa çalışan bəzi ölkələrdəki parlament üzvlərinin hərəkətlərində anti-Azərbaycan mövqeyini görürük. Bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq güclənməsi, lider dövlətə çevrilməsi və dünya siyasətinə həlledici təsir göstərən ölkələr sırasına daxil olmasından narahat olanların əməllərinin nəticəsidir.
Azərbaycan COP29 kimi böyük bir tədbirin ərəfəsindədir. Konfrans ölkəmizdə uğurla həyata keçiriləcək, hazırlıq işləri isə yüksək səviyyədə həyata keçirilib. COP29-da qazandığımız uğurlarımız anti-Azərbaycan elementlərinin nə qədər mənasız olduğunu bütün dünyaya bir daha sübut edəcək. Azərbaycanın zəfər əldə etməsi tarixi nailiyyətimizdir və bizi yeni zəfərlərə aparır”.