"Heç kimi zorla nikahda qalmağa məcbur etmək olmaz" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Noyabr 2024 14:41 (UTC+04:00)

"Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü prinsipinə uyğun həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır: "Yəni göründüyü kimi nikah ər-arvadın könüllü razılığı əsasında qeydə alındığı üçün heç kimi zorla nikahda qalmağa məcbur etmək olmaz.

Hətta nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər.

Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Yəni tərəflərdən biri boşanmaqda israrlıdırsa, məhkəmə tərəfləri zorla nikahda saxlaya bilməz.

Azərbaycan Respublikası 176-1.1-ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə -iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".