İspaniyanın Nəqliyyat naziri Oskar Puente “El Pais” qəzetinə müsahibəsində ölkədə güclü daşqınlara səbəb olan fırtınanın yaratdığı fəlakətin miqyasının krallıq tarixində misli görünmədiyini bildirərək deyib: “Təbii fəlakətdən bütün Valensiya əyaləti zərər çəkib. Ümid edirik ki, maksimum iki həftə ərzində Madrid və Valensiya arasındakı sürətli qatar xəttində hərəkəti bərpa etmək mümkün olacaq”.
SİA-nın əldə etdiyi məlumata görə, İspaniya hökuməti təbii fəlakətdən zərər çəkmiş bölgələrə yardım üçün yüzlərlə əsgər göndərib. Daxili İşlər Nazirliyi daşqınların ən çox ziyan vurduğu ərazilərə 4,5 minə yaxın mülki qvardiya və polis əməkdaşı yerləşdirib.
Son məlumata görə, Valensiyada daşqınlar nəticəsində 200-dən çox adam həlak olub, itkin düşənlərin axtarışı isə hələ davam edir. Hakimiyyət orqanları ölənlərin sayının artacağından narahatdır.