Şahbuz rayonunun mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

2 Noyabr 2024 10:07 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təkilatçılığı ilə Şahbuz rayon İcra Hakimiyyətinin ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə kompleks mülki müdafiə təlimi keçirilib. SİA xəbər verir ki, “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən təlimə Şahbuz rayonunun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, icra hakimiyyətinin mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının şəxsi heyəti və texnikaları cəlb edilib.

Təlimi Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı-rayonun mülki müdafiə rəhbəri Rafael Babayev və digər vəzifəli şəxslər izləyib.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, fövqəladə hallar komissiyalarının və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 300 nəfərə yaxın şəxsi heyət və 50 ədəd texnika cəlb edilib.