"Azərbaycan bununla bəşəriyyətə böyük ehtiramını nümayiş etdirir"

1 Noyabr 2024 21:17 (UTC+04:00)

“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə bəşəriyyətə, sülhə, gələcəyimizə və insanlığa böyük ehtiramını nümayiş etdirir”.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.

Professor bildirib ki, planetimizdə yaşanan müharibələr, dağıntılar, böyük sosial problemlərlə yanaşı, iqlim böhranı, su çatışmazlığı, meşələrin məhv edilməsi və yaşıllığın yox olması kimi təbiət hadisələri yaxınlaşan fərqli bir fəlakətin işarətidir: “Dünya getdikcə yaşıllıqdan, ekoloji həyatdan və insan dəyərlərindən uzaqlaşır, ayrılır. Dünyamızın gələcəyi baxımından yaşadığımız bu çətin dövrdə Bakıda təşkil ediləcək COP29-u Mərmərə Qrupu Vəqfi olaraq vacib hesab edirik. Biz bu tədbiri Azərbaycanın sabitlik, sülh və insanlığın gələcəyi naminə bir çağırışı kimi qəbul edirik. Çünki Azərbaycanın bu sahədə irəli sürdüyü dəvət yalnız ətraf mühit, iqlim, yaşıllıq və su problemləri ilə məhdudlaşmır. Bu, həm də insanlığın qarşı-qarşıya olduğu müharibələrə, münaqişələrə, soyqırımlarına, məcburi köçkünlərə qarşı bir həmrəylik yaratmaq ideyasını da əhatə edir”.

Akkan Suver ümid edir ki, dünya liderləri Azərbaycanın bu çağırışını nəzərə alaraq yeni təşəbbüslər irəli sürəcək. Onun sözlərinə görə, tədbir vasitəsilə dövlət xadimləri, dini liderlər bir araya gələrək bu dəvətə xüsusi məna, dəyər qatacaqlar.

Qeyd edək ki, Bakıda keçiriləcək mötəbər tədbirdə Mərmərə Qrupu Vəqfi Türkiyənin QHT-ləri adından iştirak edəcək.