Parkda 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur...

1 Noyabr 2024 19:56 (UTC+04:00)

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 24-ü fəaliyyət göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, bu il sənaye parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Parkın rezidentləri tərəfindən indiyədək ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib. Ötən illə müqayisədə ixrac 13,1 faiz artıb.

Bu dövrdə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6 faiz, ixracında isə 24,7 faiz təşkil edib.