Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə keçirilən yarışlar başa çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Zəngilan rayonu Ağalı kənd və Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən, ümumilikdə 192 şagird iştirak edib. Komanda oyunlarında birinci, ikinci və üçüncü yeri qazanmış şagirdlər kubok, medallar və diplomlarla təltif olunublar. Dama üzrə yarışlarda fərdi qalib gələn birinci, ikinci və üçüncü yerin sahibi olan şagirdlərə isə diplom və medallar təqdim edilib.