Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan qüdrətli dövlətə çevrilib. Hazırda Azərbaycan yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti mərhələsini yaşayır. Dövlət başçısının ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən etdiyi vəzifələrə uyğun olaraq, aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir.