Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 3 dəfədən çox azalıb

1 Noyabr 2024 12:44 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir.

“Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7,48 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Bir gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 milyon manat olub”, - deyə AMB sədri əlavə edib.