ADPU-da Vətən müharibəsi iştirakçısı olan tələbələrlə görüş keçirilib

31 Oktyabr 2024 23:20 (UTC+04:00)

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vətən müharibəsi iştirakçısı olan və hazırda universitetdə təhsil alan tələbələrlə çay süfrəsi arxasında səmimi görüş keçirilib.

SİA xəbər verir ki, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və 6 nəfər Vətən müharibəsi iştirakçısı olan tələbə iştirak edib.

Rektor Cəfər Cəfərov tələbələri salamlayaraq, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Pedaqoji Universitetin tələbə və məzunları da yaxından iştirak ediblər. Universitetin yüzlərlə tələbə və məzunu döyüşlərdə iştirak edib ki, onlardan 18 nəfəri şəhid olub. 11 nəfər müharibə iştirakçısı hazırda universitetin müxtəlif fakültələrində təhsil alır.

Tələbələrə döyüşlərdə göstərdikləri şücaətə və ərazi bütövlüyümüzün bərpasındakı xidmətlərinə görə təşəkkürünü çatdıran rektor universitet tərəfindən daim bu kateqoriyadan olan tələbələrin xüsusi diqqətdə saxlanıldığını vurğulayıb.

Daha sonra tələbələrin döyüş yolu və müharibə xatirələri dinlənilib. Həmçinin onların problem və təklifləri müzakirə olunaraq, zəruri dəstək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən tələbələr göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Onlar bu diqqəti təkcə bu günlərdə deyil, həm tədris, həm də digər məsələlərdə daim üzərlərində hiss etdiklərini qeyd ediblər.