Rusiyada miqrantlardan biometrik məlumatlar toplanacaq...

1 Noyabr 2024 00:54 (UTC+04:00)

Rusiyanın bir sıra regionlarında Rusiyaya gələn əcnəbilərdən biometrik məlumatların (...bura barmaq izləri, gözün qüzehli qişası, gözün torlu qişası, sifət, əlin həndəsəsi, əl venaları, əl imzası, səs və s. daxildir-A.B.) toplanmasına dair yeni yanaşmalar sınaqdan keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda bildirib.

Xüsusilə, eksperiment Moskva nəqliyyat qovşağında, Orenburq vilayətindəki nəzarət-buraxılış məntəqələrindən birində və bəzi digər yerlərdə aparılacaq.

Gələcəkdə əldə edilən təcrübə digər bölgələrdə də yayıla bilər.

Bundan əvvəl Medvedev bəyan etmişdi ki, Rusiyanın miqrasiya siyasəti xarici dövlətlərin deyil, ölkə vətəndaşlarının maraqlarına cavab verməlidir. O, həmçinin vurğulayıb ki, aşağı ixtisasa malik miqrantlar Rusiyaya yalnız iş müddəti üçün gəlməlidirlər.

Bir gün əvvəl Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev 2024-cü ilin əvvəlindən ölkədə qeyri-qanuni miqrantların sayının 40 faiz artdığını bildirib.

Onun sözlərinə görə, ölkədə qanuni əsas olmadan 740 min insan var. Qeyri-qanuni immiqrantlar Rusiyaya turist vizası ilə gəlirlər, lakin müddəti bitdikdən sonra ölkədə qalırlar. Ümumilikdə, oktyabrın 1-nə Rusiyaya 6,5 ​​milyondan çox xarici vətəndaş gəlib.

Əli Babayev