“Bu, bölgəni qeyri-sabitlik və böyük müharibə astanasına gətirdi”

31 Oktyabr 2024 19:28 (UTC+04:00)

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının hərəkətlərinin Yaxın Şərq bölgəsini böyük müharibə astanasına gətirdiyini söyləyib. O, Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Beynəlxalq Avrasiya Təhlükəsizlik Konfransında iştirak edib.

SİA xəbər verir ki, buradakı çıxışında ABŞ və müttəfiqlərinin regionu geosiyasi mübarizə meydanına çevirməyə çalışdığını vurğulayaraq "Avrasiya bölgəsində sabitlik yalnız uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin edilə bilər" ifadəsini işlədib.

Lavrov Qərbin digər bölgələrdə vəziyyəti qarışdırmağa çalışdığına diqqət çəkərək " Cənubi Qafqazda dağıdıcı fəaliyyətlər göstərirlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz qaydalarını yeritməyə cəhd edirlər" deyə bildirib. Əlavə olaraq Amerikanın Yaxın Şərqə yanaşmasını tənqid edib: "ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş İran nüvə sazişindən birtərəfli çıxması, Ərəb-İsrail məsələsinin həll prosesini monopoliyaya alma cəhdi bölgədə faciəvi nəticələrə səbəb oldu. Bu, strateji baxımdan əhəmiyyətli olan bölgəni qeyri-sabitlik və böyük müharibə astanasına gətirdi."

Nazir Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyətə toxunaraq "İsrailin əməliyyatları nəticəsində bir il ərzində həyatını itirən fələstinli mülki şəxslərin sayı Kiyevdəki çevrilişdən sonra on il ərzində hər iki tərəfdə ölənlərin sayından iki dəfə çoxdur" deyə qeyd edib. "Qərb dünyası Qəzza mövzusunda susur" deyən Sergey Lavrov "ABŞ prezidenti Co Bayden və rəhbərliyi Fələstin xalqının faciəsini sona çatdıracaq hər cür təşəbbüsü əngəlləyir" ifadəsini işlədib.