Ciorcia Meloni ölümlə hədələndiyini bildirib...

31 Oktyabr 2024 18:50 (UTC+04:00)

İtaliyanın Baş naziri Ciorcia Meloni Albaniya ilə imzalanan miqrant razılaşmasına görə insan alverçiləri tərəfindən ölümlə hədələndiyini deyib.

SİA xəbər verir ki, Ciorcia Meloni İtaliya hökumətinin Albaniya ilə razılaşmaya sadiq qaldığını bildirib.

“Çünki bu, miqrant axınının idarə olunması üçün səmərəli həldir. Ölüm təhdidləri ona görədir ki, mən Albaniya ilə immiqrasiya sahəsində əməkdaşlıq haqqında protokol imzaladım. Bu əməkdaşlığın nəzərəçarpacaq nəticələr verməsi üçün hər şeyi edəcəyəm”, - deyə İtaliyanın Baş naziri qeyd edib.

Ciorcia Meloni hökumətin məqsədinin Albaniyadakı miqrant mərkəzlərinin beynəlxalq hüquqa hörmət edən şəkildə fəaliyyət göstərməsi olduğunu bildirib. O, həmin mərkəzlərin onu ölümlə hədələyən insan alverçiləri üçün ciddi problemlər yaradacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, keçən ilin noyabrında İtaliya və Albaniya arasında imzalanan razılaşmaya əsasən, Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdiriləcək. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.