“Xərçəng 10-15 % hallarda irsiyyətlə ötürülür və genetik xəstəlikdir” - HƏKİMLƏ MÜSAHİBƏ

1 Noyabr 2024 11:22 (UTC+04:00)

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-onkoloqu Gülnar Əbdülhəsənovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Süd vəzi xərçənginin ilkin əlamətləri və simptomları nələrdir? Erkən diaqnostika üçün nələr etməliyik?

- Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə xərçəng xəstəlikləri arasında birinci yerdədir. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir. Süd vəzi xərçənginin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nayihədə ələgələn törəmə vəz həcminin assimetrik böyüməsi və ya kiçilməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzi giləsində və ya dərisində xoralaşma, dərinin portağal qabığına bənzər görünüş alması və digərlərini aid edə bilərik. Bu əlamətlərdən birini və ya bir-neçəsini aşkarladıqda mütləq həkimə müraciət etmək lazımdır. Lakin qeyd edim ki, bir çox hallarda xəstəlik erkən mərhələdə gizli şəkildə, yəni simptomsuz gedə bilər. Misal üçün, törəmənin ölçüsü kiçik olduğu və ağrı olmadığı halda şəxslərin xəstəliyi aşkarlamağı mümkün olmur və erkən diaqnoz qoyma şansımız azalır. Bu səbəbdən profilaktik müayinələr, skrininq olduqca əhəmiyyətlidir. Süd vəzisinin yoxlanışı hər bir qadının özünü müayinəsi ilə başlamalıdır. Beləki, reproduktiv yaşda, 20 yaş üstü qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrakı dövrdə olan qadınlara isə hər ayın eyni günündə güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Bu zaman yuxarıda sadaladığım əlamətlər aşkarlanarsa diaqnozun dəqiqləşdirilməsi üçün mütləq həkimə müraciət olunmalıdır. Onu da qeyd edim ki, süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanır”.

- Hansı müayinələrdən vətəndaşlar ödənişsiz şəkildə yararlana bilərlər? Tibbi müayinələr hansı sıxlıqla aparılmalıdır?

- Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. Bir çox müayinələr vətəndaşlara icbari tibbi sığorta hesabına göstərilir. Süd vəzi xərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya müayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər buraya aiddir. Biopsiya süd vəzi xərçənginin diaqnostikasında yekun və qərarverici metoddur. Süd vəzisində hər-hansı bir şikayəti olan vətəndaş ixtisaslı həkim tərəfindən müayinə olunduqdan sonra, həkim təyinatı əsasında sadalanan müayinələrdən yararlanır. Erkən diaqnostika xəstənin daha tez sağalmasına səbəb olur”.

- Qadınların bu xəstəliyə tutulma riski hansı yaşdan etibarən artır? Hansı yaşdan etibarən qadınlar artıq özünü müayinəyə diqqət yetirməlidir?

- Süd vəzi xərçəngini əsasən, menopauza sonrası 50 yaşüstü qadınlarda daha sıx görürük. Lakin son zamanlar daha gənc yaşda olan qadınlarda da süd vəzi xərçəngi ilə rastlaşırıq. Bu səbəbdən də tövsiyə edirəm ki, gənc qadınlar da süd vəzi müayinələrinə diqqət etsinlər. Güzgü önündə vizual və əl hərəkətləri ilə özlərini müayinə etməli, ehtiyac olduqda isə ixtisaslı həkimə müraciət edərək müayinə olunmalıdırlar. 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür.

Bir neçə üsulla ev şəraitində özünü müayinə mümkündür. Güzgü qarşısında çılpaq, əllər beldə, ayaqüstə, yaxud oturaraq süd vəzilərinizin formasına, ölçüsünə, bir-birinə oxşarlığına fikir verilməlidir. Əllər başın üstünə qaldırılaraq, süd vəzilərində və qoltuqaltı nahiyədə hansısa dəyişikliklərin olub-olmadığınadiqqət yetirilməlidir. Digər üsul isə hamamda süd vəzini və barmaqları sabunlayaraq, tələsmədən barmaqları qoltuqaltı nahiyədən sürüşdürərək süd vəzinin yoxlanılmasıdır. Döşəmə üzərində arxası üstə uzanaraq da özünü müayinə etmək olar. Bu zaman süd vəzisi yayılır və dəyişikliklər asanlıqla hiss edilir. Şəhadət, orta və adsız barmaqların içəri səthindən istifadə edərək qoltuqaltından başlayaraq dairəvi hərəkətlər ilə aşağı xətt üzrə yuxarı qalxıb, paralel xətlər üzrə dairəvi hərəkətlər edərək davam edin. Barmaqlarınızı eyni nöqtədə hərəkət etdirərək 3 fərqli təzyiqlə basın”.

- Süd vəzi xərçənginin risk faktorları, yaranma səbəbləri nələrdir? Hansı qadınlar risk qrupuna aiddir?

- Süd vəzi xərçəngi bir çox səbəblərdən yarana bilər, amma bu səbəblərdən hansı dəqiqliklə xəstəliyin yaranma səbəbidir deyə bilmərik. Ümumiyyətlə, süd vəziləri hormonal üzvlərdir. Bu səbəblə hansısa bir endokrin patologiya süd vəzisində dəyişiklik yarada bilər. Süd vəzi xərçənginin yaranmasında irsiyyətin rolu 10-15 %-i keçmir. BRCA1 və BRCA2 mutasiyaları əsasən ana xətti ilə ötürülən irsi faktorlardır. Əsas yaranma səbəbləri kimi xarici və daxili faktorları göstərə bilərik. Daxili risk faktorlarına erkən menarxe, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmama, abort sayının çoxalması və s. aiddir. Xarici faktorlara isə siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və digərləridir. Bu faktorlar DNT zədəsinə səbəb olmaqla xərçəng riski yaradır”.

- İlkin şərt profilaktik müayinələrdən müntəzəm keçməkdir” dediniz. Bəs əlavə olaraq qadınlar süd vəzi xərçənginin profilaktikası məqsədilə hansı məsləhətlərə riayət etməlidir?

- Baxın, onkologiyada 1/3 prinsipi var. Bu nədir? Bu bütün xərçəng növləri üçün keçərli olan bir prinsipdir. 1/3 hissəyə daxil olan insanları vaxtında erkən profilaktika ilə xərçəngdən qorumaq mümkündür. Bunun üçün sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq olmaq, ana südü ilə qidalandırma və sadaladığım özünümüayinə üsullarını icra etmək və mütləq profilaktik müayinələrdən keçmək lazımdır.İkinci 1/3-ə daxil olan şəxslər erkən diaqnoz qoyulanlardır. Bu qrupa daxil olan şəxslər də vaxtında həkimə müraciət edən və yaxud profilaktik müayinələr zamanı xəstəlik aşkarlananlardır.Bu xəstələrin sağalma ehtımalı daha yüksəkdir. Çalışaq ki, son 1/3 qrupa, yəni gecikmiş diaqnozlu şəxslər qrupuna daxil olmayaq. Erkən diaqnostika çox önəmlidir”.

- Süd vəzi xərçənginin qarşısını almaq üçün həyatımızda nə kimi dəyişikliklər etməliyik?

- İlk öncə onu qeyd edim ki, bilinənin tam əksinə xərçəng 10-15 % hallarda irsiyyətlə ötürülür. Xərçəng genetik xəstəlikdir. Bu o deməkdir ki, hər hansi bir səbəbdən DNT mutasiyası, zədəsi xərçəngə səbəb olur. 85-90 % hallarda ətraf mühit amillərinin təsiri, yaşam tərzi xərçəng yaradır. Yəni dolayısıyla necə həyat tərzi keçirməyimizin çox böyük önəmi var. İlk növbədə çəkimizə diqqət etməliyik, çünki artıq çəki və piylənmə hormonal balansımızı pozur. Sağlam qidalanmağa, stresdən uzaq durmağa, fiziki aktiv olmağa, zərərli vərdişlərdən uzaq olmağa,övladlarımızı ana südü ilə qidalandırmağa çalışmalıyıq. Ən əsası profilaktik və planlı müayinələrə vaxtında müraciət etməliyik”.

- Bəs kişilərdə necə, süd vəzi xərçənginə rast gəlinə bilərmi?

- Çox maraqlı sualdır. Kişilərdə də süd vəzi xərçənginə rast gəlinir. Rastlanma tezliyi 1 faizi keçməsə belə, süd vəzi xərçəngi diaqnozu qoyulan kişi xəstələr də var. Onu da qeyd edim ki, “kişiyəm, məndə süd vəzi xərçəngi olmaz” – düşünərək gec mərhələdə müraciət edən xəstələr çoxdur.Çünki süd vəzi həcmi kiçik olduğu üçün yerli yayılmış forma süd vəzi xərçəngi kişilər arasında daha çox görülür. Qadınlarda olduğu kimi, kişilərdə də 50 yaşdan yuxarı bu xəstəliyə daha çox rastlanır. Kişilərə süd vəzi xərçənginin irsiyyətlə ötürülməsi mümkündür. Artıq çəki və piylənmə, tütün, alkoqol və energetik içkilərdən istifadə kimi zərərli vərdişlər, qaraciyər və prostat vəzi xəstəlikləri riskini artırır”.