"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının SİA-ya müsahibəsini təqdim edirik:
- İlk öncə gəlin, “Şərq” qəzeti haqqında danışaq.
- “Şərq” qəzetinin çapı rəsmən 1996-cı il noyabrın 1-dən göstərilsə də, əslində 1994-cü ildə çıxmışıq. Mart-aprel aylarında qəzetimizin 6 sayı işıq üzü görmüşdü. Sadəcə, təcrübəsizliyimiz və senzuranın daha kəskin formada olması “Şərq”in fəaliyyətini davam etdirməyə imkan vermədi. Nəticədə “7 gün” qəzetindən ayrılan bir qrup gənc jurnalist elə həmin qəzetə qayıtdı. “Şərq”i 2 il sonra bərpa etdik və o gündən qəzetimiz ardıcıl nəşr olunmağa başladı. İlk dəfə 4 səhifə həcmində idik, 1997-ci ilin sonlarından həftədə 2 dəfəyə keçdik. Tədricən həftədə 3 dəfə olmaqla 8 səhifə və 16 səhifə çıxdıq. 2001-ci ilin martından isə qəzet həftədə 5 dəfə nəşr olunmağa başladı.
- “Şərq” oxucularda necə maraq oyatdı?
- “Şərq” meydana çıxdığı dövrdə ölkəmizdə qəzet bolluğu yaşanırdı və bu bolluğun içində “Şərq” də görünməyə başladı. Gənclərin bir araya gəlməsi, müxtəlif maraqlı mövzular ətrafında yazılar, fərqli dünyagörüşü və qəzetin fərqli dizaynı oxucularda maraq oyatdı. Eyni zamanda, həmin dönəm ölkədə partiyalı qəzetlərin çoxu həddindən çox idi. Biz çalışdıq ki, müstəqil bir qəzet yaradaq və qismən də buna nail ola bildik. Bu gün də “Şərq” qəzeti ölkənin ictimai-siyasi proseslərinə təsiri olan qəzetlərdən biri kimi tanınır. Qəzetdə indiyə qədər 200-ə yaxın jurnalist çalışıb. Bu jurnalistlərin əksəsiyyətinin ilk qələm təcrübəsi “Şərq”də keçib.
- “Şərq”in kollektivi haqqında nə söyləyə bilərsiniz?
- Qəzetdə çox sayda işinə peşəkarlıqla yanaşan junalistlər çalışıb, formalaşıblar. Vaxtilə qəzetdə çalışan insanların bir çoxu fəaliyyətlərini başqa-başqa KİV-lərdə davam etdirirlər. Eyni zamanda ayrı-ayrı dövlət strukturlarında çalışanlar var. Yusif Nəzərli, Kəmalə Namazova, Natiq Zeynalov qəzetdə çalışıblar. Sonrakı dönəmdə Məlahət Rzayeva, Vəfa Allahverdiyeva, Təranə Hüsüqızı, Yadigar Cəfərli və çox tanınmış imzaları ölkə ictimaiyyətinə təqdim edə bildik. “Şərq”in tarixində maraqlı imzalar var.
- “Şərq”in tarixində ən pik nöqtə kimi hansı dövrü hesab edirsiniz?
- 1998-2001-ci illər qəzetimizin ən pik dövrü idi. 30 min tirajla nəşr olunurduq və demək olar ki, ölkədə reytinq göstəricisinə görə 1-2-ci yerləri bölüşürdük. Təbii ki, 2001-ci ildən sonrakı proseslər – çap mətbuatına oxucuların bu və ya digər dərəcədə inamının azalması və ya başqa səbəblər qəzetin tirajına və iş prosesinə təsir etdi.
- Bir çoxlarının da düşündüyü kimi qəzetlərə maraq azalıb. "Şərq” hansı yeniliklərlə qəzetlərə marağı artırmağı planlaşdırır?
- Biz müxtəlif vasitələrdən istifadə edirik ki, “Şərq” qəzeti yaşasın. Ümumiyyətlə, çap mediasının varlığı, onun yaşaması bizə lazımdır. Çünki bizdə klassik jurnalistika irsini yaşadacaq sadəcə çap mətbuatı var. Qəzetlərə marağın azalması təkcə Azərbaycanda deyil. Dünyada da qəzet satışı ilə bağlı problemlər yaşanır. Amma dünyada və yaxud qardaş Türkiyəni misal götürsək, onlardan qəzetçilik kəmiyyət və keyfiyyət etibarilə bizdən qat-qat yüksəkdir. Mən bu yaxınlarda Manisada idim. Manisa 1 milyon 500 min əhalisi olan bir yerdir. Burada 9 qəzet çıxır. Bunu başqa ölkələrin timsalında da görə bilərik. Qəzetlərə marağın azalması texnoloji proseslərlə yanaşı oxu mədəniyyəti ilə də bağlıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda oxu mədəniyyəti o qədər yüksək səviyyədə deyil.
- Hazırki mediada durumu necə dəyərləndirirsiniz?
- Biz “Əkinçi”dən maarifçilik missiyasını götürmüşük. Bu missiyanı da müəyyən mənada apara bilirik. Əlbəttə, 150 il əvvəllə indiki dövrü o müqayisə etmək bizə müsbət təhlil üçün fakt vermir. Amma çalışırıq ki, Həsən bəy Zərdabinin qoyduğu irsi davam etdirək. Bu da kağız üzərində olan çap mətbuatı ilə bağlı olan bir məsələdir. Dövlət təbii ki kömək edir, vəsait verir. Amma bu vəsaitlər bizim inkişafımız üçün yox, sadəcə ayaqda qalmağımız üçün yetərlidir. Yetərli qədər maliyyə imkanları qazansaq, daha geniş fəaliyyət planı seçərdik və bu planların içərisində qəzetin saxlanılması ilə inkişafı ön planda olardı. Təəssüf ki, bu yoxdur.
- Gənc jurnalistlərə hansı tövsiyəniz var?
- “Şərq”də həmişə gənc jurnalistlər çalışıb. Biz gəncləşməyə önəm veririk. Gənclərə məsləhətim odur ki, özlərindən əvvəlki jurnalistika irsindən bəhrələnsinlər. İndiki jurnalistlər texnologiya imkanlarından yararlanma və istifadəyə görə köhnə nəsildən, jurnalistlərdən öndədirlər. Onlar çox oxumalı, əlavə dil bilgiləri olmalıdır. Bunlar olarsa, biz peşəkar jurnalist ordusu görə biləcəyik.
Ayşən Vəli