“COP29 iqlim dəyişiklikləri problemlərini, yəni bəşəriyyətin gələcək taleyini müzakirə etmək üçün ən yaxşı platformadır. Azərbaycan hökuməti də bu konfransın layiqli şəkildə keçirilməsi üçün bütün imkanlarını səfərbər edib. Belə ki, həm qonaqların rahatlığının təmin olunması, həm də rahat fikir mübadiləsi aparılması, ideyaların səsləndirilməsi üçün lazımi bütün şərait yaradılıb. Amma təəssüf ki, dünyanın bəzi güc mərkəzləri, yəni Cənubi Qafqazda geopolitik maraqları uğrunda savaşan aparanlar COP29 kimi bəşəriyyətə xidmət edən konfransı konteksdən çıxararaq, Azərbaycana qarşı siyasi təzyiq elementinə çevirmək istəyirlər. Təəssüf ki, özünü dünyanın transmilli KİV-i elan edən qurumlar da bu kampaniyada həmin güc mərkəzlərinin tələblərinə çağırış edərək anti-Azərbaycan təbliğatına qoşulurlar”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, sözügedən KİV-lər özlərini müstəqil, demokratik elan etsələr də təcrübə göstərir ki, ərazisində fəaliyyət göstərdikləri dövlət və güc mərkəzlərindən asılıdırlar: “İndi də eyni vərdişlər təkrar olunur və güc mərkəzlərinin təbliğat aparatına çevriliblər. Əslində apardıqları təbliğat zamanı ortaya qoyulan tesizlər yanlışdır və bu yanlışları Azərbaycan dövləti arqumentlərlə sübuta yetirir. Onlar çalışırdılar ki, neft istehsalı olunan ölkədə COP tədbirinin keçirilməsinə mane olsunlar. Amma Azərbaycan tərəfi arqument irəli sürdü ki, COP29 üç dəfə ard-arda neft-qaz istehsalı ilə məşğul olan ölkələrdə keçirib. Yəni, bu tezis özünü doğrultmur. İndi isə insan haqları məsələsini gündəmə gətirirlər. Halbuki COP keçirilən heç bir ölkəyə qarşı bu qədər əks-kampaniya aparılmayıb. Bütün bunlar göstərir ki, onların maraqları COP29 deyil. Sadəcə bundan fürsət kimi istifadə edib Azərbaycana qarşı təbliğat aparmaqdır. Azərbaycan öz haqlı mövqeyini davam etdirəcək, bunun üçün də Azərbaycan mediası, QHT və insan cəmiyyəti institutları Azərbaycan dövlətinin yanındadır”.
Məsələ ilə bağlı siyasi ekspert Aydın Quliyev fikirlərini bölüşüb: “Qərbin Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdan başqa yolu qalmayıb. Çünki Azərbaycan Qərbin bölgədəki bütün ssenarilərini alt-üst edib. İndiyə qədər bölgədə təcavüzkar Ermənistan var idi və bundan istifadə edərək ölkəmizə təzyiq göstərirdilər. Lakin Vətən müharibəsindən sonra Qərbin Azərbaycana təzyiq imkanları demək olar ki, əlindən çıxdı. Amma hələ də yalan, böhtanlarla təzyiqi davam etdirməyə çalışırlar. Qərb informasiya müharibəsi sayəsində bizlə olan mübarizəsini davam etdirməyə çalışırlar. Çünki onların son çarəsi budur”.