“İki və daha az uşağı olan ailələr demoqrafik artımda rol oynamırlar” - AYDINLIQ GƏTİRİLDİ

31 Oktyabr 2024 15:50 (UTC+04:00)

“Bu ilin statistikası açıqlandıqda məlum oldu ki, doğum sayı azalıb. Çünki nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Bu da birbaşa olaraq demoqrafik artıma ciddi təsir göstərir. Bu səbəbdən də nikaha təhrikin stimullaşdırılmasının yolunu tapmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, doğum sayının azalması faktı davam edərsə, demoqrafik artımda ciddi geriləmə müşahidə olunacaq: “Ailə planlaması abortlara qarşı nəzərdə tutulan üsuldur. Çünki ailələr müəyyən saydan sonra uşaq istəmirlərsə, ailə planlaması üsulu ilə abortdan qoruna bilirlər. Bu da həm gələcək nəslin sağlamlığı, həm ailənin rifahı baxımından əhəmiyyətlidir.

Ailələr üçün ideal uşaq sayı bəzən 2, bəzən 3, bəzən isə daha çoxdur. Amma ümumilikdə 2 və daha az uşağı olan ailələr demoqrafik artımda rol oynaya bilmirlər. Təbii ki, belə olan halda ölkənin demoqrafik problemləri ortaya çıxır. Buna görə də çoxuşaqlılığı stimullaşdırmaq lazımdır və prosesə dövlət dəstəyi artırılmalıdır. Çoxuşaqlı ailələrə xüsusi imtiyazların verilməsi kimi mühüm məsələlər nəzərə alınmalıdır.

Bütün ölkələr əhalisinin sayının artmasında maraqlıdırlar. Çünki əhali sayı azaldıqca ölkənin işçi qüvvəsi, müdafiəsi də azalır. Bütün hallarda demoqrafik azalma ölkə üçün təhlükəli vəziyyətdir. Çoxuşaqlılığı stimullaşdırmaq məqsədilə ailələrə müəyyən vədlər verilməli və bu vədlərə əməl olunmalıdır”.