"Çalışmalıyıq ki, Qərb artıq üstümüzə gəlməyi dayandırsın” - ŞƏRH EDİLDİ

31 Oktyabr 2024 15:32 (UTC+04:00)

“Avropa Parlamentinin qətnaməsi açıq-aşkar böhtan və şantaj xarakteri daşıyır. Həmin qətnamədə Azərbaycan etmədiyi əməllərə görə, cinayətlə ittiham olunur. Hətta Azərbaycan hakimiyyətinin siyasi fəalları Avropada öldürməsi ilə bağlı yalan məlumatlar yayırlar. Buna görə əslində Azərbaycan hakimiyyətə onlara qarşı müvafiq hüquqi prosedur başlatmalıdır. Çünki iddia olunan məsələ ilə bağlı fakt olmadan yalan məlumat vermək olmaz”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycanda terror və bölücülüyə görə həbs edilmiş erməni millətindən olan şəxslərin dərhal qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış edirlər: “Bu isə olduqca absurddur. Yəni, istintaq altında olan şəxslərin heç bir haqla qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edə bilməzlər. Buna bənzər saysız formada böhtan, yalan və ittihamlar mövcuddur. Buna görə də Azərbaycan qarşı tərəfdən hesabat tələb etməlidir.

Digər tərəfdən əgər həqiqətən də Avropa Parlamenti dünyada insan haqlarını müdafiə edirsə, Avropa Birliyi özünün üzv dövlətlərindən olan Fransa ilə məşğul olmalıdır. Aİ-nin əsas qurucularından biri Fransadır və Fransa XXI əsrdə hələ də müstəmləkəçilik siyasətindən əl çəkmir. Yeni Kaledonya da daxil olmaqla dəniz ətrafı ərazilərdə insanları zülm altında saxlayır, onlara qarşı ayrı-seçkilik edir, zorla siyasi hakimiyyətlərinin formalaşdırılmasına müdaxilə edir. Əgər Aİ həqiqətən də, sözügedən məsələlərlə məşğul olsa idi, o zaman Fransadan başlamaları yerinə düşərdi. Amma təəssüflər olsun ki, bu haqda danışmırlar.

Hətta qətnamələrində Azərbaycanın Fransanın daxili işlərinə qarışdığını iddia edirlər. Bunlar tamamilə absurd fikirlərdir, Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir. Bütövlükdə Azərbaycan Qərbin, Aİ-nin də söykəndiyi insan haqları kimi məsələlərlə məşğul olur. Buna görə də biz çalışmalıyıq ki, Qərb artıq üstümüzə gəlməyi dayandırsın”.