Azərbaycan boksçusu tarixi nəticəyə imza atıb

31 Oktyabr 2024 10:37 (UTC+04:00)

Azərbaycanın daha üç bokçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində yarımfinala yüksəlib. Azərbaycan Boks Federasiyasından (ABF) SİA-ya verilən məlumata görə, Aynur Mikayılova (57 kiloqram) Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycanın boks tarixində yeni səhifədir. A.Mikayılova fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Mikayılova finala gedən yolda türkiyəli Pinar Beneklə qarşılaşacaq.

Məhəmmədəli Qasımzadə (60 kiloqram) də növbəti qələbəsini qazanıb. Boksçu Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda Platon Kozlovla (Rusiya) döyüşəcək.

Zidan Hümbətov (51 kiloqram) isə 1/4 finalda gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.

1/4 final döyüşlərində qələbə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər.

Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Əli Abdullayev (63,5 kiloqram) bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.