"Bütün komandaya təşəkkür edirəm".
SİA xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.
55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: "Tarixlə dolu yarış oldu. Komanda hesabında birinci olduq. Azərbaycan güləşində yeni bir səhifə açdıq. Mən isə dördüncü dəfə dünya çempionu oldum. Əla hissdir. Gələcək hədəfim beşinci qızıl medalı qazanmaqdır".
İlk dəfədir dünya çempionatında iştirak etdiyini xatırladan Nihat Məmmədli (63 kiloqram) turnir ərzində həyəcan keçirdiyini söyləyib: "Yarışın ağır keçəcəyini bilirdim. Arzum Olimpiya Oyunlarına qatılmaqdır. Amma bu nəticəyə görə də çox xoşbəxtəm".
Qızıl medal qazanan digər güləşçi Ülvü Qənizadə (73 kiloqram) isə yarışdan əvvəl səhhətində problem yaşadığını deyib: "Buna görə də birinci olmaq ümidim yox idi. Lakin məşqçilərimin və federasiyanın dəstəyi sayəsində qızıl medalın sahibi oldum".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.