Çin Avropa İttifaqının (Aİ) idxal olunan elektrik avtomobillərinə əlavə gömrük tarifləri tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən verilən məlumatda bildirilir: “Aİ-nin 2023-cü başladığı subsidiya araşdırmasından sonra sektorun dövlət tərəfindən dəstəkləndiyi səbəbiylə Çin istehsalçılarına gətirilən əlavə gömrük tarifləri ilə bağlı addımlarla əlaqədar razılaşma yoxdur və bunlar qəbul edilə bilməz.
Rəsmi Pekin Çin şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün bütün tədbirləri görəcək. Bu məsələ ilə bağlı ÜTT-nin “Mübahisələrin həlli mexanizmi”nə müraciət edilib.
Çin mübahisələrin dialoq yolu ilə həllinin tərəfdarıdır. Buna görə də Aİ ilə yeni mərhələli danışıqlar aparılır. Ümid edirik ki, Avropa tərəfi Çinlə konstruktiv şəkildə əməkdaşlıq edəcək. Hər iki tərəfin qəbul edəcəyi və ticari sürtüşmələrə səbəb olmayacaq bir həll yolu mütləq vardır”.
Qeyd edək ki, Aİ Komissiyası 29 oktyabr bəyanatında Çində istehsal edilən elektrik avtomobilləri ilə bağlı subsidiya araşdırmasının tamamlandığını və bu ölkədən Aİ-yə 5 il müddətinə elektriklə işləyən avtomobil idxalına əlavə gömrük rüsumlarının tətbiq edildiyini açıqlayıb. Yeni tənzimləmə ilə Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın Çində istehsal etdiyi modellər 7,8, Çin şirkətləri BYD 17, “Geely” 18,8, əməkdaşlıq edən istehsalçılar 20,7, etməyən dövlətə aid “SAİC Motor” və digər şirkətlərə 35,3 faiz əlavə vergi tətbiq ediləcək.
Komissiyanın 2023-cü ilin oktyabrında başladığı subsidiya araşdırması ilə gələn tarif artımları Çin və Aİ arasında ticarət müharibəsinə gətirib-çıxara bilər. Artıq Çin Avropadan idxal edilən donuz əti məhsullarının dempinqi və süd məhsullarına subsidiya verilməsi ilə bağlı araşdırmaya başlayıb. Pekin administrasiyası Avropadan gətirilən avtomobillərə də əlavə gömrük tarifləri tətbiq edə biləcəyinə işarə edib.