“Ailə planlaması ciddi məsələdir və bu insanların imkanlarına bağlı məsələdir. Bu gün qlobal miqyasda təbii artımda enmə dinamikası müşahidə olunur. Azərbaycanda da tarixdə heç zaman olmadığı qədər demoqrafik ləngimə müşahidə olunur. Hətta 2023-cü ilin statistikasında əvvəlki il ilə müqayisədə 15 faiz enmə müşahidə edilib. Bu gün dünyanın bir çox ölkələrində yeni doğulanların sayının azalması sosial-iqtisadi problemlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, bu proses dünyanın müharibə aparan ölkələrində xüsusilə təşvişə səbəb olur: “Çünki müharibə itkiləri çoxdur və bu itkilərinin yerini doldurmaq üçün müxtəlif yollar arayırlar. Eyni zamanda potensial müharibələr də dövlətləri demoqrafik artımı təmin etməyə məcbur edir.
Azərbaycanda da demoqrafik artımda ləngimə müşahidə edilir. Bu isə sosial-iqtisadi problemlər yarada bilər. Əgər enmə dinamikası davam edərsə, digər dövlətlər bunu miqrant axını ilə qarşılaya bilər. Avropanın əziyyət çəkdiyi miqrant məsələsi gələcək perespektivdə Azərbaycanı da gözləyə bilər. Çalışmalıyıq ki, təbii artımın ləngəməsinin qarşısını alaq. Çünki təbii artım aşağı düşdükcə mexaniki artım artım çoxala bilər. Buna görə də Azərbaycanda demoqrafik siyasəti dəstəkləyən layihələrin işlənməsi vacib əhəmiyyət kəsb edir. Gənc ailələrin məişət məsələlərinin yaxşılaşdırılması və bütövlükdə məşğulluqla bağlı problemlərin həllini tapması bu istiqamətdə atıla biləcək mühüm addımlardandır.
Həmçinin çoxuşaqlı ailələrə əlavə dəstək verilməsi, həm də uşaqlara sosial müavinətlərin verilməsi ilə bağlı məsələlər də həllini tapmalıdır.
Psixoloqların tədqiqatları nəticəsində ailə 3 uşağın olmasının daha məqsədəuyğun olduğu bildirilir. Bu uşaqların sosiallaşması, xarakterinin formalaşması baxımdan vacibdir”.