“Sentyabarın 26-da qonşu Gürcüstanda növbəti parlament seçkiləri keçirildi. Keçirilmiş seçkilərin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” partiyası təxmini 54 faiz səslə yenidən qələbə qazandı. Qeyd etmək lazımdır ki, Gürcüstan Azərbaycan üçün dost və müttəfiq ölkədir. İki ölkə arasında dərin əlaqələr mövcuddur. Bu baxımdan da Gürcüstanda baş verən proseslər Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan Gürcüstanda sabitlik, əmin-amanlıq və qarşılıqlı münasibətlərin inkişaf etməsini dəstəkləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
O bildirib ki, Gürcüstandakı seçki prosesinə iki istiqamətdə baxa bilərik: “Birincisi Azərbaycan Prezidenti İlham Əliyevin regional siyasətində iki ölkə münasibətlərinin möhkəmlənməsi və inkişafı kifayət qədər əhəmiyyətli yerdədir. Ümumiyyətlə Cənubi Qafqazda baş verən proseslərdə Gürcüstan-Azərbaycan dostluğunun əhəmiyyəti olduqca vacibdir. Gürcüstanda baş verən proseslərə bu istiqamətdə baxmalıyıq.
İkinci tərəfdən isə Gürcüstanda 300 mindən artıq soydaşımızın yaşaması məlumdur. Seçkilərin nəticələrini təhlil etdikdə görürük ki, təxmini 7-8 faiz Gürcüstan seçicisi azərbaycanlılardan ibarətdir və Gürcüstan azərbaycanlılarının mövcud “Gürcü Arzusu” partiyasına səs vermələri seçkinin taleyini müsbət mənada dəyişdi. Çünki indiyə qədər baş tutan seçkilərin heç birində bu səs nisbətində “Gürcü Arzusu” partiyasına azərbaycanlılar tərəfindən səs verilməmişdi.
Təhlil etdikdə görürük ki, ən yüksək göstəricisi bu dəfəki seçkilərdə qeydə alınıb. Bu seçkilərdə soydaşlarımızın mövqeyi həlledici rol oynadı. Soydaşlarımız burada Gürcüstan-Azərbaycan dostluğuna səs verdilər. Digər tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılar sülhə, əmin-amanlığa səs verdilər. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması üçün Azərbaycan tərəfindən sülh istiqamətində mühüm addımlar atılır. Bu addımlar çərçivəsində Gürcüstanda da sülhün və sabitliyin olması çox vacib nüansdır".