“Qlobal imperializmin həyata keçirdiyi idarəolunan xaos siyasəti nəticə etibarilə Yaxın Şərq ölkələrində müharibələrə səbəb olur. Bu müharibələrdən qaçmaq üçün dünyanın müxtəlif ölkələrindən Avropaya miqrant axını baş verir. Nəticədə Avropanın heç bir məsuliyyəti yoxmuş kimi Avropa miqrantları da qəbul etməkdən imtina edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, kollektiv Qərbin həyata keçirdiyi siyasət nəticəsində milyonlarla insan öz yurd-yuvasından qaçmağa məcbur olur: “Həmin insanlar miqrasiya yollarında həyatlarını itirirlər, bütün hüquqları tapdalanır. Avropaya miqrant statusunda qovuşduqda isə yenidən hüquqları tapdalanmağa başlayır. İnsan hüquqlarını bir dəyər kimi beynəlxalq aləmə təqdim edən Avropanın özü hüquqların müdafiəsinə əməl etmir, hətta insanların haqlarını əlindən alır. Buna görə də milyonlarla insan avropalıların beynəlxalq hüquqa olan bu cür yanaşmasından əziyyət çəkir.
XXI əsrdə hələ də Fransanın timsalında dünyanın müxtəlif xalqlarının kaloniya halında saxlanılması da onların hüquqlarının pozulmasıdır. Baxmayaraq ki, Sakit Okean adalarında Fransa kaloniyaları ilə bağlı BMT-nin qərarı var. Amma Fransa buna da məhəl qoymur. Sakit Okean adalarında yaşayan müxtəlif xalqlara heç bir haqq-hüquq tanınmır. Bu da Fransa imperializminin eybəcər təzahürüdür.
Azərbaycan isə sözügedən insanların azadlıqları və hüquqları məsələsini dilə gətirdikdə, Fransa yeni represiya dalğası həyata keçirir. Əslində Avropanın da, Fransanın da iç üzü bundan ibarətdir. Buna görə də bu vəziyyət davam etdiyi müddət ərzində başda Fransa olmaqla, kollektiv Qərbin insan hüquqlarından, demokratiyadan danışmağa haqqı yoxdur”.