Təqsirləndirilən şəxsə ömürlük cəza verilib

30 Oktyabr 2024 14:45 (UTC+04:00)

Qubada 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. SİA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Osman Ömərov ömürlük, Əflatun Əspəndiyev isə 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılan "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-ci il tarixdə iş üzrə dayandırılan icraat təzələnib, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərovun 6 iyul 2017-ci il tarixdən 7 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş verən mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanan mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət məsuliyyətinə cəlb edilib