Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanıb. Artıq ərazidə sonradan tikilmiş taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənilməsinə başlanılıb. Bəs, buna səbəb nədir? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görülür: “Qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadllq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.
Ayşən Vəli