Mina probleminə həsr edilən işgüzar görüş keçirilib - YENİLƏNİB

30 Oktyabr 2024 14:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib. SİA xəbər verir ki, görüş Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib.

R.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin erməni işğalçıları tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir.

Qeyd olunan problemin aktuallığı və miqyasının olduqca böyük olması mina probleminin həlli üçün daha çox resursların səfərbər edilməsini, eləcə də cəmiyyətin bütün üzvlərinin bu işdə həmrəylik nümayiş etdirmələrini zəruri edir”.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı şirkətlər tərəfindən də dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratması, eləcə də bu problemin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib.

Həmçinin, mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.