Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq iki həftədən çoxdur ki, Qara Qarayev metrostansiyasında “BakıKart” terminalı işləmir. Şikayətçilərin sözlərinə görə, terminalın işləməməsi sərnişinlər üçün ciddi problem yaradır. Bildirilir ki, stansiya daxilində 3 ödəmə terminalı yerləşdirilib: “Lakin 2 həftədən çoxdur ki, terminalın biri işləmir. Bu isə pik saatlarda digər iki ödəmə terminalının qarşısında sıxlığın yaranmasına və vaxt itkisinə səbəb olur. Xüsusən də səhər saatlarında işə və dərsə gedənlər gecikirlər. Çox xahiş edirik ki, bu problem tezliklə həll olunsun. Onsuzda yer üstündə günümüz tıxacda keçir. Eyni halı metrostansiya terminallarının da qarşısında yaşayaraq əlavə vaxt itirməyək”.
SİA mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədova sorğu ünvanlayıb. Qurum rəsmisi bildirib ki, dünən axşam saatlarından həmin “BakıKart” terminalı işlək vəziyyətdədir. Ümumiyyətlə Qara Qarayev stansiyasının hər iki tərəfində 3 ədəd olmaqla “BakıKart” terminalı var. Problem məlum olan kimi dərhal “BakıKart” sisteminə məlumat verilib. Onlar da bu problemi təcili aradan qaldırıblar”.
Ayşən Vəli