İsrail 80 vətəndaşının öldüyünü açıqlayıb

30 Oktyabr 2024 10:15 (UTC+04:00)

İsrail ordusu radiosu, "Qara Oktyabr" olaraq xarakterizə etdiyi bu ay 64-ü əsgər və polis olmaqla 80 israillinin öldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu ay dünyasını dəyişənlərdən 64-nün əsgər və ya polis, 16-nın mülki şəxs olduğu bildirilən xəbərdə Livanın cənubunda 33, Qəzzada isə 19 əsgər və zabitin həyatını itirdiyi qeyd edilib.

Xəbərə görə, oktyabrın 13-də Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 4 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb. Livan sərhədində İsrail əsgərlərinin toplaşdığı nöqtələrə Hizbullahın raket hücumları nəticəsində 3 əsgər həyatını itirib. Oktyabrın 4-də İraqdan İsrailin şimalındakı hərbi bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 2 əsgər şəhid olub, 20-si yaralanıb.

Bu hücumdan 2 gün sonra İsrailin cənubundakı Beerşebada açılan atəş nəticəsində İsrail sərhədçilərindən bir polis məmuru həlak olub. Oktyabrın ortalarında Aşdod şəhəri yaxınlığında açılan atəş nəticəsində 1 polis əməkdaşı həlak olub, 4 polis əməkdaşı yaralanıb. İsrail ordusu oktyabrın 22-də Qəzza zolağının şimalında baş verən "əməliyyat qəzası" nəticəsində əsgərlərindən birinin öldüyünü açıqlayıb.

Oktyabr ayında Hizbullahın İsrailin şimalında fələstinlilərdən ələ keçirdikləri torpaqlarda salınan yaşayış məntəqələrinə hücumları nəticəsində 7 mülki vətəndaş həyatını itirmişdi. İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffa şəhərində açılan atəş nəticəsində 7 mülki şəxs ölüb, 16 mülki şəxs yaralanıb. İsrailin şimalındakı Hadera şəhərində dörd nöqtədə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 6 nəfər yaralanıb. Oktyabrın 27-də Tel-Əviv yaxınlığında yük maşınının avtobus dayanacağında gözləyən insanların üzərinə çırpılması nəticəsində 1 nəfər ölüb, 39 nəfər yaralanıb.