...Rusiya hərbçiləri 2024-cü ilin əvvəlindən ikinci dəfə nüvə silahından istifadə ilə bağlı genişmiqyaslı təlimlər keçirib. SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə, nüvə qüvvələrinin “təlimi” nüvə triadasının bütün komponentlərini əhatə edib və Rusiya lideri Vladimir Putinin rəhbərliyi altında keçirilib.
Təlimlər zamanı tamhüquqlu nüvə müharibəsi ssenarisi işlənib hazırlanıb: düşmən Rusiya ərazisinə hücum edir və Rusiya Silahlı Qüvvələri cavab olaraq “kütləvi nüvə zərbəsi” həyata keçirir.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov bildirib.
“Yars” qitələrarası ballistik raketi Plesetsk sınaq kosmodromundan Kamçatkadakı Kür poliqonunda hədəfi vuraraq buraxılıb. Barents və Oxot dənizlərindən nüvə sualtı qayıqları Sineva və Bulava ballistik raketlərini, Tu-95ms strateji raket daşıyıcıları isə havadan atılan qanadlı raketləri buraxıblar. Tapşırıqlar tam şəkildə yerinə yetirildi və bütün raketlər hədəflərinə çatdı.
Bunu da Müdafiə Nazirliyi vurğulayıb.
Xatırladaq ki, Rusiya əvvəlki nüvə təlimlərini yayın əvvəlində Belarusla birgə keçirmişdi.
O vaxt Kremlin sözçüsü Dmitri Peskov bunu NATO qoşunlarının Ukraynaya mümkün gəlişi ilə bağlı əlaqələndirmişdi.
O, hətta bunu xüsusi diqqət və tədbirlər tələb edən gərginliyin kəskinləşməsinin tamamilə yeni mərhələsi olduğunu bildirmişdi.
Bu dəfəki təlimləri şərh edən Putin deyib ki, nüvə silahından istifadə “təhlükəsizliyi təmin etmək üçün ifrat, müstəsna tədbirdir”.
O əlavə edib ki, Rusiya nüvə qüvvələrinin modernləşdirilməsini davam etdirməyi planlaşdırır və onun sözlərinə görə, artıq bunun 94 faizi müasir silahlardan ibarətdir.
Qeyd edək ki, Ukrayna ilə müharibənin ilk günlərində Putin Rusiya nüvə qüvvələrinin döyüş növbətçiliyinin “xüsusi rejim”inə keçirildiyini elan etdi və altı ay sonra Ukraynanın işğal olunmuş ərazilərini qorumaq üçün “bütün mümkün vasitələrdən” istifadə edəcəyi ilə hədələdi.
...Və 2023-cü ilin əvvəlində Putin Rusiyanın ABŞ ilə Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırdığını elan edib.
Əli Babayev