Dünya Bankı “tarixi neft bolluğunu” proqnozlaşdırır...

30 Oktyabr 2024 00:36 (UTC+04:00)

...Dünya Bankı əmtəə bazarına dair son hesabatında 2025-ci ildə neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, liga.net Dünya Bankının saytına istinadən xəbər verir ki, bu, qismən neftin həddindən artıq çox olması ilə bağlıdır.

Belə ki, qlobal neft təklifinin 2024-25-ci illərdə gündəlik orta hesabla 1,2 milyon barel tələbi üstələyəcəyi gözlənilir. Bu, “neft bolluğu o qədər böyükdür ki, Yaxın Şərqdəki daha geniş münaqişənin qiymət təsirlərini məhdudlaşdıra bilər” kimi təsvir edilir.

Dünya Bankı qeyd edir ki, belə böyük neft təklifi əvvəllər cəmi iki dəfə - 2020-ci ildə pandemiya karantinləri zamanı və 1998-ci ildə neft qiymətlərinin çökməsi zamanı müşahidə olunub.

Neftin həddən artıq tədarükünün əsas amillərindən biri Çindəki vəziyyətdir, burada sənaye istehsalında ləngimə və elektromobillərin satışında artım müşahidə olunur. Bundan əlavə, OPEC+ üzvü olmayan ölkələrdə də neft hasilatının artacağı gözlənilir.

OPEC+ elan edildiyi kimi könüllü hasilatın azaldılmasından geri çəkilərsə, bu, daha çox təklifə və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

Dünya Bankı Brent markalı neftin qiymətinin 2025-ci ildə 73 dollara, 2026-cı ildə isə 72 dollara enmədən əvvəl 2024-cü ilin sonuna qədər hər barel üçün orta hesabla 80 dollar olmaqla 75 dollar ətrafında qalacağını proqnozlaşdırır.

Əli Babayev