Süni intellektlə yazılan xəbərlərin oxucular tərəfindən daha çətin başa düşüldüyü müəyyən edilib.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Almaniyanın Lüdviq Maksimilian Universitetinin (Ludwig Maximilian University) alimləri tərəfindən aparılan tədqiqatda jurnalistlərin yazdığı mətnlərlə süni intellektin yaratdığı mətnlər müqayisəli şəkildə araşdırılıb.
Oktyabrın 22-də “Jurnalistika: nəzəriyyə, təcrübə və tənqid” (Journalism: Theory, Practice, and Criticism) elmi jurnalında dərc olunan araşdırmada Böyük Britaniyanın internet saytlarında müntəzəm olaraq xəbərləri izləyən təxminən 3000 oxucu iştirak edib. Onların yarısı süni intellekt, yarısı isə jurnalistlər tərəfindən yazılmış 24 mətni qiymətləndiriblər.
Araşdırmanın aparıcı müəllifi Sina Təsler-Kordonouri (Sina Thäsler-Kordonouri) sözügedən mövzu ilə bağlı deyib: “Oxucular süni intellektlə yazılmış xəbər mətnlərini daha az başa düşülən hesab edir.
Bəzi süni intellekt mətnləri jurnalistlər tərəfindən düzəldilsə də, nəticə dəyişmir.
Süni intellektlə hazırlanan mətnlərin çətin başa düşülməsinin səbəblərindən biri söz seçimidir. Oxucular bu mətnlərdə çətin başa düşülən söz və ifadələrlə qarşılaşmanı mənfi hal kimi dəyərləndirib.
İştirakçılar hesab edir ki, süni intellektlə hazırlanan mətnlərdə məlumat və rəqəm uyğunsuzluğu olur.
Digər tərəfdən, oxucular mətnlərdən axıcılığı, quruluşu və üslubu baxımından razı qaldıqlarını bildirilir”.
Tədqiqat layihəsini aparan professor Neil Turman (Neil Thurman) deyir ki, “Jurnalistlər və texnologiya mütəxəssisləri məlumatların təqdimolunma tərzinə diqqət yetirməli, süni intellektlə dəstəklənən mətnlər yaradarkən yerinə düşməyən sözlərdən istifadə etməməlidir”.