"Özbəkistanda keçirilən parlament seçkilərini bir neçə aspektdən qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, əvvəlcə onu qeyd edim ki, seçkilər normal mühitdə keçib: "Ciddi qanun pozuntuları olmayıb. İnformasiyalar da bu yöndədir. Seçki ilə bağlı rəy sorğuları göstərir ki, normal bir seçki mühiti olub. Bu seçkilər Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə, Şavkat Mirziyoyevin hakimiyyətə gəlişindən sonra başlanan siyasi islahatlar fonunda bu seçkiləri əhəmiyyətli hadisə adlandırmaq olar. Seçki bir sıra yeniliklərlə yadda qalıb.
Bu yeniliklərdən biri odur ki, majoritar və proporsional seçki sistemi qarışıq formada keçirildi. Bu isə partiyaların daha çox mübarizəsinə, partiyaların ölkənin siyasi həyatında daha çox təmsil olunmasına gətirib çıxardı. Bu siyasi plüralizmin inkişafı baxımından önəmlidir. Seçkinin nəticələri də göstərir ki, siyasi islahatlarla bağlı ideyalar hansı ki, əvvəldən başlanıb, bu ideyalar həm də praktiki müstəvidə özünü göstərir. Parlamentdə artıq beş partiya təmsil olunacaq. Beş partiya mübarizədə qalib gəldi. Bu isə parlamentdə siyasi müxtəlifliyin olduğunu göstərir. Bu da, təbii ki, ölkənin siyasi mühitinin daha demokratik, daha liberal formada, daha müsbət siyasi mühitin olduğundan xəbər verir".
"Özbəkistanda siyasi islahatlar uzun müddət aparılır və müxtəlif uğurlu addımlar da atılıb. Hesab edirəm ki, bu parlament seçkiləri də həmin islahatların konkret nəticəsi kimi özünü göstərir. Belə bir hal bütün hallarda Özbəkistanın inkişafı baxımından önəmlidir. Xüsusilə, Şavkat Mirziyoyevin hakimiyyəti dövründə daha açıq müstəvidə özünü göstərdi. Güclü Özbəkistan Azərbaycan üçün də önəmlidir. Özbəkistan Türk dövlətləri təşkilatının ən mühüm ölkələrindən biridir. Daha güclü Özbəkistan olması Azərbaycan, həm də türk dünyasının gələcəyi baxımından önəmlidir" - deyə o, əlavə edib.