“Hazırda Türkiyəsiz dünya birliyi, inkişaf yoxdur“ - DEPUTAT

29 Oktyabr 2024 17:29 (UTC+04:00)

“Osmanlıda Cümhuriyyətin qurulması tək gələcək Türkiyə üçün deyil, bütün dünya üçün çox əhəmiyyətli hadisə oldu. Dünya siyasətində böyük rol oynayan Osmanlı imperiyası daxili dəyişmələr nəticəsində müasir cümhuriyyətə çevrildi. Onun yaradıcısı tarixi şəxsiyyət Mustafa Kamal Atatürkün səyi nəticəsində Şərqdə demokratik, sivil, dünya proseslərində ciddi və müsbət rol oynayan dövlət meydana gəldi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu gün dünya Türkiyənin bir çox məsələlərdə uzaqgörənliyi barəsində danışır: “Hazırda Türkiyəsiz dünya birliyi, inkişaf yoxdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə onu ilk tanıyan dövlət də məhz Türkiyə Cümhuriyyəti oldu. Türkiyə dövləti, türk xalqı daim Azərbaycanın yanında oldu, haqlarımızı müdafiə etdi. Bu proseslər nəticəsində Azərbaycan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edərək özünün ərazi bütövlüyünü təmin etdi. Türkiyənin hər bir yubileyi onun ilk növbədə hesabatıdır. Bu hesabat zəngin fəaliyyət, dövlətçiliyin möhkəmlənməsi, dünyada sülhün bərqərar olması üçün görülən mühüm işlərin hesabatıdır.
Qardaş türk xalqını Cümhuriyyət günü münasibətilə təbrik edir, onlarla olan dostluqdan qürur duyduğumuzu bildiririk. Azərbaycan və Türkiyə bir bədən, bir ürək, bir nəfəs deməkdir”.