...Bu arada Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hakimiyyəti 2023-cü ilin may ayından etibarən müharibədə ölmək üçün Mərkəzi Asiyadan olan miqrantlardan fəal şəkildə istifadə edir. Belə ki, onlara daha asan vətəndaşlıq və külli miqdarda pul vəd edilir, amma sonda əksəriyyəti aldadılır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya hakimiyyəti bu gün də Mərkəzi Asiyadan olan miqrantları Ukraynaya müharibəyə getməyə təşviq etməkdə davam edir.
Son vaxtlar hətta onlara Rusiya vətəndaşlığı ilə bağlı zənglər və təkliflər də gəlir.
Halbuki, bundan, yəni müharibədən əlavə, Rusiya vətəndaşlığını almaq hər miqranta nəsib olmurdu.
...Bu indi, bizlərdə deyilən...dəvənin toya çağırılmasına bənzəyir.
Deməli, Rusiyada işləyən Qırğızıstandan olan miqrant bir həftə əvvəl belə zəng aldığını deyir.
Adını açıqlamaya həmən qırğızın dediyinə görə, miqrantların gücləndirilmiş yoxlamaları mayın sonunda başlayıb və bu günə kimi dayanmayıb. Polis miqrantları küçədən, işdən, evdən aparır. Təhlükəsizlik qüvvələri miqrantların olduğu kafe, məscid və idman zallarına soxularaq onları qrup halında saxlayırlar.
Rusiyada işləyən miqrantlar deyirlər ki, polisin sərt addımının arxasında praktiki məqsəd dayanır. Orta Asiyadan gələn qonaqlardan ya açıq şəkildə orduda xidmət etmək üçün müqavilə imzalamaq tələb olunur, ya da aldadıcı vasitələrlə buna sövq edilir.
…Gərək ki, yadınızda olar, 21 sentyabr 2022-ci ildə Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdikdən sonra, yüz minlərlə Rusiya vətəndaşı qaçıb aradan çıxdı, yəni Rusiyanı tərk etdi.
...İndi Kreml miqrantları müharibəyə cəlb etmək üçün müxtəlif təzyiq üsullarından istifadə edir.
…Yeri gəlmişkən, qırğızstanlı miqrant Mərkəzi Asiyalılar üçün ağrılı ola biləcək bir mövzuya da toxunur.
Onun dediyinə görə, bu gün Rusiyada miqrant kimi işləyən vyetnamlılar, çinlilər də var. Amma onlar bizim kimi təzyiqə məruz qalmırlar. Çünki onların arxasında dövlət və hökumətləri durur. Biz, qırğızlar, özbəklər, taciklər isə…
…Bir müddət bundan əvvəl “Əhəmiyyətli hekayələr” (“Vajnımi istoriyami”) və Münaqişə Kəşfiyyat Qrupu (“Conflict Intelligence Team”) tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hər beş çağırışçıdan biri cəbhəyə göndərildikdən iki ay keçməmiş dünyasını dəyişib.
Yenə də bir müddət bundan əvvəl Rusiya hökuməti artıq üç yüz min adamın ordu ilə müqavilə imzaladığını açıqlamışdı. Amma Yeni ilə qədər daha 120 min nəfərlə müqavilə imzalanacağı planlaşdırılır.
Əli Babayev