“Pulun sahibi Mərkəzi Bankdır, hansısa təşkilatlar, kommersiya bankları deyil. Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib ki, zədələnmiş kağız pulun 60 faizi bütövdürsə və ya hissələrə parçalanmış halda 60 faizi təmin olunur, həmçinin hər iki tərəfində nömrəsi müəyyənləşdirilə bilirsə bu zaman Mərkəzi Bank həmin pulu qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, Mərkəzi Bank qəbul etdiyi zədələnmiş pulun əvəzində yeni pul verir: “Azərbaycanın müxtəlif yerlərində olmaqla 4-5 məntəqədə zədələnmiş pullar qeyd olunan üsul ilə qəbul edilir. Lakin fərqli dövlətlərin zədələnmiş pulları Mərkəzi Bank tərəfindən qəbul edilməyə bilər. Dəmir pullar da zədələndikdə onu dəyişdirmək mümkündür. Əsas məsələ dəqiq şəkildə nominalının görünməsidir.
Pullar təhlükəsizlik, tarixi-mədəni hadisəni əks etdirmək zərurəti və s. bu kimi məsələlərə görə, yenilənə bilər. Eyni zamanda təhlükəsizlik məsələsi burada mühüm rola sahibdir. Çünki yeni pulları təkrarlamaq və kopyalamaq çətin olur. Pulların yenilənməsinin heç bir mənfi tərəfi yoxdur. İstənilən halda Mərkəzi Bank köhnə pulları da qəbul edir, yəni köhnə pullar dövriyyədə saxlanılır. Yəni, bütün ölkələrdə proses bu cür davam etdirilir.